Hacı Mövsüm Səmədov azadlığa çıxmış siyasi məhbusları təbrik edib

Siyasi məhbus, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov azadlığa çıxan siyasi məhbusları təbrik etdi.
“Azərbaycanımızın dünyada, xüsusən müsəlman aləmində yaxşı olmayan nümunələrindən biri əhalisinin on milyon olmasına baxmayaraq yüzdən artıq siyasi, vicdan və əqidəsinə görə ittiham olunaraq həbs edilmiş məhbus sayıdır.
Xalqımızın maraq və mənafeyini düşünən, dinimizin inkişafı və müdafiəsində əqidəsindən dönməyən, insan azadlığı və demokratik prinsipləri tələb edən insanların müxtəlif saxta ittihamlarla həbs edilməsi düşünürəm ki, dövlətə və xalqa xidmət sayıla bilməz. Tez və ya gec bu insanların haqqı özlərinə, ailələrinə qaytarılmalıdır. Bu ilin Novruz bayramı ərəfəsində bir neçə siyasi, vicdan məhbusunun, ruhani alimlərinin və dini cameədən olan möminlərin azadlığa qovuşması xəbəri hər kəsi olduğu kimi bizi də sevindirdi. Mən ilk növbədə ailələrinə qovuşan həmin qardaşları salamlayır, bütün möminlərə və möminə bacılarımıza bu münasibətlə təbriklərimi çatdırıram.
Əlbəttə, hesab edirəm ki, azadlıq onların haqqı, müsəlman xalqımızın istək və arzusudur. Onlar siyasi və dini əqidələrinə möhkəm bağlı olduqları üçün Allahın təqdiri nə isə ona qail və tabedirlər. Bu mənada mübariz insanlar üçün məhbus və ya qeyri-məhbus olmalarının fərqi yoxdur. Çünki belə insanlar Böyük Yaradan qarşısında təslim olduqlarına görə həmişə azaddırlar. Mən ailələrinə qovuşan, onların mənəvi istirablarına son qoyaraq doğma ocaqlarına qayıdan qardaşlarımızı bir daha təbrik edir, onlara sabitqədəm olmağı arzulayır, gələcək fəaliyyətlərində uğurlar diləyirəm.”

0
error: Məzmun qorunur